Yaşayan fosillər

  • fosil
  • Axirzaman.net


    Darvinizm.info


KAİNATIMIZ »

  • Hər an, hər saniyə baş verən möcüzələr


    Gündəlik həyatın yoğun temposuna aldanan bəzi insanlar, əslində, nə qədər mükəmməl sistem içində yaşadıqlarından bixəbərdirlər. Qəflət içində olduqlarına görə, öz həyatlarının minlərlə fərqli hadisənin müəyyən nizam içində işləməsinə bağlı olduğunun belə fərqinə varmırlar. Halbuki, həm özlərinin, həm də kainatdakı canlı və cansız  bütün varlıqların həyatda qalması möhtəşəm sistemin həssas və qüsursuz şəkildə işləməsi ilə mümkün olur.

    Bu möhtəşəm sistemin saysız-hesabsız halqalarından hər biri digərləri ilə mükəmməl uyğunluq və əlaqə içində işləyir. Bu halqalardan biri olmasa və ya funksiyasında xəta olsa, insanın təsəvvür etmədiyi çatışmazlıqlar meydana gələr. Bu vəziyyət bəlkə də dünyadakı canlılar aləminin tamamilə məhvinə səbəb olar.

    Öz bədəninizdə və ətrafınızda hər an, hər saniyə baş verən və daha əvvəl heç eşitmədiyiniz möcüzələr olduğunu heç düşünmüsünüz? 

    Möcüzəvi planet Yer 

    Günəş sistemindəki bütün qonşularından fərqli olaraq Yer həyat dolu planetdir. Göy üzündə, quruda və dənizlərdə ahəngdar həyat var. Bir-birindən fərqli quruluşa, rəng və xüsusiyyətə malik milyonlarla heyvan, bitki, həşərat və dəniz canlıları bu xüsusi planetdə birlikdə yaşayır.

    Digər planetlərdəki mühit göstərir ki, Yerdəki həyat şərtlərindən biri olmasa, hər şey necə fərqli olar. Yer kürəmiz atmosferdən landşafta, elementlərdən Günəşlə arasındakı məsafəyə qədər hər cür müvazinəti ilə tamamilə həyat üçün xüsusi yaradılmışdır. Bu sistemin davam etməsi üçün hər an kainatın hər nöqtəsində ayrı bir möcüzə baş verir.

    Yerdəki canlılar aləminin yaradılışı qədər həyatlarına davam etməsi də böyük möcüzədir. Canlıların həyatını  davam etdirməsi xüsusu nizamlı şərtlərlə təmin edilmişdir. Bu xüsusi şərtlərdəki kiçik dəyişikliklər belə dünyada böyük fəlakətlərə səbəb ola bilər. Ancaq Yer möcüzəvi şəkildə bütün canlılar aləmini qoruyan xüsusiyyətlərlə yaradılmışdır. Bütün bunlar sayəsində Yerdə möhtəşəm həyat bərqərar olmuşdur. Dünyanın bu qüsursuz yaradılışı Allahın insanlara çox böyük lütfüdür.

    Allah yer üzünü canlıların varlığı və faydası üçün xüsusi yaradıb nizamladığını bir çox ayədə bildirir. Bu ayələrdən bəziləri aşağıdakılardır:

    O (Allah) ki, yer üzünü sizin üçün döşəmiş, orada sizin üçün yollar salmış, göydən yağmur yağdırmışdır. Biz o yağmurla növbənöv bitkilərdən cütlər yetişdirmişik. (Onlardan) yeyin, həm də heyvanlarınızı otarın. Həqiqətən, bunda ağıl sahibləri üçün dəlillər vardır! (Taha surəsi, 53-54) 

    Yer hər saniyə qorunur 

    Hal-hazırda atmosferin üst təbəqələrində meteorit yağışı yağdığını  bilirdinizmi?

    Çox vaxt fərqinə varmasaq da, Yeri əhatə edən atmosfer sayəsində hər an böyük fəlakətlərdən qorunuruq.

    Saniyədə  təxminən 40 km sürətlə Yerə istiqamət götürmüş meteoritlər atmosferə daxil olduqdan sonra sürtünmənin təsirindən yanmağa başlayırlar. Bu “kosmik bombalar” təbii qalxan funksiyasını yerinə yetirən atmosfer sayəsində bizə çatmadan əriyir.

    Statistikaya əsasən, ildə təqribən 50.000 meteorit atmosferdə zərərsizləşir.

    Ən böyük təhlükə isə nəhəng meteoritlərdir. Bunlardan hər hansı biri Yerə düşsə, böyük fəlakət baş verər. Hər il Yer kürəsinə gələn 10.000 tondan artıq böyük meteorit atmosferə daxil olduqda sürtünmənin təsirilə əriyir və bu yolla Yerdəki canlılar üçün həyati təhlükə olmur. Şübhəsiz ki, bu, Allahın “Rəhman” və “Rəhim” isimlərinin təcəllisidir. Bu həqiqət bir ayədə belə bildirilmişdir: 

    Göyü  mühafizə olunan bir tavan etdik. Onlar isə  oradakı dəlillərimizdən  üz çevirirlər. (Ənbiya surəsi, 32) 

    Günəş sistemində müntəzəm qorunan gizli müvazinət 

    Günəş sisteminin quruluşunu tədqiq etdikdə hər təfərrüatında həssas müvazinət və incə ölçü ilə qarşılaşırıq. Məsələn, planetləri dondurucu soyuqluğa malik kosmosa sovrulmaqdan qoruyan amil Günəşin  cazibə qüvvəsi ilə planetlərin mərkəzdənqaçma qüvvəsi arasındakı müvazinətdir.

    Günəş güclü cazibə qüvvəsinə görə bütün planetləri cəzb edir. Planetlər isə dönmələri nəticəsində əmələ gələn mərkəzdənqaçma qüvvəsi sayəsində bu cazibə qüvvəsindən təsirlənmirlər. Ancaq: əgər planetlərin dönmə sürəti bir az yavaş olsaydı, onda bu planetlər sürətlə Günəşə doğru cəzb olunar və Günəş böyük partlayışla onları udardı. Əgər planetlər daha sürətlə dönsəydilər, bu dəfə də Günəşin cazibə qüvvəsi onları saxlaya bilməz və planetlər kosmosa sovrulardılar.

    Lakin bu həssas müvazinət hər an, hər saniyə qüsursuz işləyir. 

    Yer üzünün ideal temperaturu 

    Yer kürəsi canlıların, xüsusilə də insan kimi kompleks quruluşa malik canlı varlıqların yaşaya biləcəyi temperatura və tənəffüs üçün atmosferə malikdir. Kainatdakı  nəhəng temperatur yelpazəsində canlıların həyatına imkan verən temperatur intervalı çox dardır. Yer məhz bu temperatur intervalında yerləşir.

    Geoloq Frank Press bir planetdə həyatın olması üçün lazımlı  temperatur intervalı haqqında belə deyir:

    “Həyat ancaq çox məhdud temperatur intervalında mümkündür… Və bu temperatur intervalı Günəşin temperaturu ilə mütləq sıfır arasındakı mümkün temperaturların təqribən 1%-ni təşkil edir. Yerin temperaturu məhz bu dar intervaldadır”. (F. Press, R. Siever, Earth, New York: W.H. Freeman, 1986, səh. 4)

    Allah Yeri və bütün kainatı elm adamlarının da vurğuladığı kimi, tam mənada canlıların həyatı üçün əlverişli yaratmışdır. Bu, Allahın qulları üzərindəki lütf və rəhmətinin əsəridir:

    Məgər Allahın göydən yağmur endirdiyini və  yer üzünün (onunla) yamyaşıl olduğunu görmürsənmi? Həqiqətən, Allah lütfkardır, xəbərdardır. (Həcc surəsi, 63) 

    Həyat üçün lazımlı amillərin siyahısı: 

    Buraya qədər Yerdəki həyat üçün lazımlı amilllərin sadəcə  bir neçəsinə toxunduq. Məşhur amerikalı astronom Hyu Ross “Yaradan və kainat” adlı kitabında Yerdəki bəzi digər amilləri belə sadalayır: 

    Ay ilə Yer arasındakı cazibə  qüvvəsi 

    Əgər daha  çox olsaydı, Ayın güclü cazibə qüvvəsi atmosfer hadisələrinə, Yerin öz oxu ətrafındakı dönmə sürətinə və okeanlardakı qabarma-çəkilmələrə mənfi təsir edərdi.

    Əgər daha az olsaydı, kəskin iqlim dəyişikliklərinə səbəb olardı. 

    Yerin maqnit sahəsi 

    Əgər daha güclü olsaydı, güclü elektromaqnit fırtınaları baş verərdi.

    Əgər daha zəif olsaydı, Günəş küləyi adlanan və Günəşdən atılan zərərli zərrəciklərə qarşı Yer kürəsi qorunmazdı. Hər iki halda, həyat qeyri-mümkün olardı. 

    Yer kürəsinin ölçüsü 

    Daha kiçik olsaydı, Yerin cazibə qüvvəsi zəifləyər və atmosferi Yerin ətrafında saxlaya bilməzdi.

    Daha böyük olsaydı, Yerin cazibə qüvvəsi artar və bəzi zəhərli qazları da cəzb edərək atmosferi həyat üçün təhlükəli edərdi. 

    Ozon təbəqəsinin qalınlığı 

    Əgər daha çox olsaydı, yer üzünün temperaturu çox aşağı düşərdi.

    Əgər daha az olsaydı, yer üzü həddindən artıq isinər, Günəşdən gələn zərərli ultrabənövşəyi şüalara qarşı müdafiə olunmazdı. 

    Seysmik hərəkətlər 

    Əgər daha çox olsaydı, canlılar üçün daima təhlükə olardı.

    Əgər daha az olsaydı, okeanın dibindəki qida  maddələri suya qarışmaz, bu, okean və dənizlərdəki həyata, o cümlədən, yer üzündəki bütün canlılara mənfi təsir edərdi. 

    Bu siyahıdakı kimi milyonlarla, hətta milyardlarla ölçü və həssas müvazinət Allahın hər an, hər saniyə yaratması ilə insanın faydasına işləyir. Sadəcə bəzi nümunələrini verdiyimiz bu müvazinətlər bizə bir daha göstərir ki, bütün kainatı və canlıları Rəbbimiz yaratmışdır.

    Sizin üçün yeri məskən, göyü  tavan edən, sizə surət verən, surətlərinizi gözəlləşdirən, sizə təmiz nemətlərdən ruzi verən Allahdır! Rəbbiniz olan Allah budur. Aləmlərin Rəbbi olan Allah nə  qədər ucadır! (Ğafir surəsi, 64) 

    Kainatda hər an, hər saniyə baş verən möcüzələr 

    Günəş sistemindəki doqquz planetin səkkizindən heç biri həyat üçün uyğun şərtlərə malik deyil. Hər biri ölü səhradan da cansızdır. Çünki bəzisində +475 dərəcəyə çatan temperatur, bəzisində zülmət qaranlıq, bəzisində isə  havasız və susuz mühit hakimdir. Bəzilərində həyata əsla imkan verməyən dondurucu soyuqlar, bəzilərində isə saatda 2000 km sürətlə əsən fırtınalar və vulkanlar var.

    Bir sözlə, Günəş sistemində məlum olan doqquz planetdən səkkizi və onların 53 peyki arasında həyat üçün əlverişli bir dənə də göy cismi yoxdur. Hamısı ölü, səssiz maddə yığınıdır. Ancaq biri istisna olmaqla: Yer… 

    Uca Allah Asimdir (Qoruyandır) 

    Allah göyləri və yeri nəzarətdə saxlayır, kainatdakı  bütün canlıları bildikləri və ya bilmədikləri böyük təhlükələrə qarşı hər an qoruyur. Bütün bunlarda düşünən insanlar üçün ibrətlər olduğunu Allah bir ayədə belə xəbər verir:

    Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə  ilə gündüzün bir-birini əvəz etməsində, içərisində  insanlar üçün mənfəətli şeylər olan gəmilərin dənizlərdə üzməsində, quruyan yer üzünü Allahın göydən yağmur yağdıraraq yenidən diriltməsində, cins-cins heyvanları hər tərəfə yaymasında, göylə yer arasında ram edilmiş küləyin və buludların bir səmtdən başqa səmtə döndərilməsində düşünən insanlar üçün dəlillər vardır. (Bəqərə surəsi, 164)

    Mərkəzdənqaçma qüvvəsinin hər planet üçün ayrı ölçüsü 

    Günəş sistemindəki planetlərin Günəşlə aralarındakı məsafələr fərqlidir. Habelə kütlələri də fərqlənir. Buna görə, hamısının müxtəlif dönmə sürəti var. Ancaq bütün bu təfərrüatlar mövcud qüsursuz nizamda hər hansı çatışmazlıq əmələ gətirmir. Çünki mərkəzdənqaçma qüvvəsi hər planetin kütləsinə, Günəşlə arasındakı məsafəyə və dönmə sürətinə paralel olaraq ayrı-ayrı yaradılmışdır. Ona görə, planetlər onlara məxsus yaradılmış bu qüvvə sayəsində həm Günəş tərəfindən udulmur, həm də kosmosa sovrulmurlar. 

    Yerin oxu nə üçün mailidir? 

    Yerin oxu 23 dərəcə, 27 dəqiqə mailidir. Bu maillik qütblərlə ekvator arasında atmosferin əmələ gəlməsinə mane olan həddindən artıq isinmənin qarşısını alır. Əgər  Yerin oxu maili olmasaydı, qütb bölgələri ilə ekvator arasındakı temperatur fərqi çox olar və atmosfer həyat üçün əlverişsiz olardı. Siz bu sətirləri oxuyarkən keçən hər saniyədə:  Aydan gələn işıq gözünüzə çatdı.

    Yağışlar vasitəsilə yer üzünə 16 milyon ton su endi. Günəşdən gələn hər bir foton 300.000 km məsafə qət etdi.

    Yer üzündə 100  şimşək çaxdı.

    Yer kosmosda 30 km məsafə qət etdi.

    Günəş 564 milyon ton hidrogeni 560 milyon ton heliuma çevirdi.

    İzlənmə sayı: 2415