Yaşayan fosillər

  • fosil
  • Axirzaman.net


    Darvinizm.info


MƏNƏVİYYAT »

  • Allah`ın Quranda bildirdiyi nümunəvi müsəlman xarakterinə necə yiyələnmək olar?


    Bəzi insanlar düşdükləri mühitdən asılı olaraq tamamilə fərqli xarakterlər nümayiş etdirə bilirlər. Əyləncəli məkanlarda şən görünən bu insanlar ciddi vəziyyətlərdə təmkinli davranmağa çalışır, mənfəət güddükləri məqamlarda isə istənilən xarakterə bürünürlər. Evlərində, yad gözlərdən uzaq yerlərdə isə bu insanların əsl siması üzə çıxır. “Hər mühitin insanı” adını daşıyan bu xarakter pozuntusu cəmiyyət tərəfindən bacarıq və gözəl xüsusiyyət kimi qəbul edilir. Lakin bu davranış təhlükəli insan xarakterinin formalaşmasında bilavasitə rol oynayır. Belə ki, bu insanlar şəraitdən asılı olaraq ani xarakter dəyişdirir, gözləmədiyimiz hərəkətlər nümayiş etdirirlər. Məsələn, mülayim görünən bir insan mənfəətləri ilə ziddiyyət təşkil edən məqamlarda qəflətən əsəbiləşib özündən çıxır və ya yetkin bir insan adi hadisə qarşısında uşaq kimi davranmağa başlayır.

    Bu insanların şəraitdən asılı olaraq müxtəlif xarakterlərə bürünmələrinin səbəbi isə bütləşdirdikləri amillərin həddən artıq çox olmasıdır. Öz aləmlərində hər kəsi siniflərə ayırır və insanlarla bu siniflərə uyğun rəftar edirlər. Uca Allah bu insanları Quranda belə təsvir edir:

    Allah bir-biri ilə çəkişən bir neçə şərikli ağası olan kişi ilə tək bir ağası olan kişini məsəl çəkir. Onlar məsəlcə eyni ola bilərmi? Həmd Allah`a məxsusdur, lakin onların əksəriyyəti bilmir. (Zumər surəsi, 29)

    Eyni zamanda, sonsuz mərhəmətli Rəbbimiz Quranda Onun rizasını qazanmağa layiq müsəlman xarakterini də bizə bildirir:

    Həqiqətən, müsəlman kişilər və müsəlman qadınlar, mömin kişilər və mömin qadınlar, müti kişilər və müti qadınlar, doğru danışan kişilər və doğru danışan qadınlar, səbirli kişilər və səbirli qadınlar, (Allah’a) baş əyən kişilər və baş əyən qadınlar, sədəqə verən kişilər və sədəqə verən qadınlar, oruc tutan kişilər və oruc tutan qadınlar, ismətlərini qoruyan kişilər və (ismətlərini) qoruyan qadınlar, Allah’ı çox zikr edən kişilər və qadınlar üçün Allah bağışlanma və böyük mükafat hazırlamışdır. (Əhzab surəsi, 35)

    Yuxarıdakı ayədən də aydın olur ki, uca Allah`ın bəyəndiyi tək bir müsəlman xarakteri mövcuddur. Mömin bir insanda bir-birindən fərqli qadın və kişi xüsusiyyətləri, cəmiyyətin insanlara yüklədiyi müxtəlif rollar, vəzifə, mövqe, peşə və ya maddi vəziyyətə əsasən formalaşan sinfi təbəqələr və bu sinif və vəzifələrin qəlibləşmiş xüsusiyyətləri təzahür etmir. Hər an təqvalı olmaq, heç bir hadisə və ya şəxs qarşısında Allah`ın əmr və qadağalarından kənara çıxmamaq isə Quranda bəhsi keçən gözəl əxlaq nümunələrindəndir.

    Uca Allah`ın Quranda bildirdiyi ideal müsəlman xarakterinə yiyələnmək yollarına nəzər yetirək:

    · Səmimiyyət:

    Mömin xarakterini formalaşdıran ən mühüm xüsusiyyətlərdən biri səmimiyyətdir. Çünki səmimi mömin istənilən şəraitdə uca Allah`ın bəyəndiyi əxlaqı nümayiş etdirir, heç kimin görmədiyi və bilmədiyi anlarda belə nəfsinə qarşı mübarizə apararaq daima Rəbbimizin qadağaları çərçivəsində hərəkət edir. Hz. Yusifin onu arzulayan və həbs etdirməklə hədələyən qadın qarşısında Rəbbinə yönələrək etdiyi dua möminin bu əxlaqına ən gözəl nümunələrdən biridir:

    (Yusif) dedi: “Ey Rəbbim! Mənim üçün zindan bunların məni sövq etdikləri işi görməkdən daha xoşdur. Əgər bu qadınların hiyləsini məndən uzaq etməsən, mən onlara meyil edər və cahillərdən olaram. (Yusif surəsi, 33)

    · Bütün söhbətlərdə uca Allah`ı xatırlamaq və xatırlatmaq:

    Səmimi iman gətirən hər bir insan uca Allah`ın “Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et…” (Nəhl surəsi, 125) əmrini yerinə yetirməklə, haqq dini təbliğ etməklə, Qurana əsaslanan nəsihətlər verməklə, yaxşılığı əmr edib pislikdən çəkindirməklə və Allah`ın ayələrini xatırlatmaqla məsuldur. Quranı bütünlükdə həyatına rəhbər edən möminlər çətin şəraitlərdə də, güc və vəzifə baxımından özlərindən qat-qat üstün olan insanlarla qarşılaşdıqlarında da Allah`ın əmr və qadağalarından əsla kənara çıxmır, hər söz və hərəkətlərindən məsul olduqlarını bir an belə qulaq ardına vurmurlar. Hikmətsiz və boş sözlərdən üz döndərir, qarşılarındakı insanları da Qurana tabe olmağın vacibliyi haqda xəbərdar edirlər. Hər hadisədə bütün gücün yalnız uca Allah`a məxsus olduğunu xatırladır, düşdükləri hər mühitdə insanları sonsuz güc sahibi Rəbbimiz və yaratdıqları barədə düşünməyə dəvət edirlər. Söhbət edərkən Allah`ı xatırladan hikmətli sözlər seçir, ələ salmaq və dolaşdırmaq məqsədilə verilən sualları Qurandan nümunələr gətirərək ağılla cavablandırırlar.

    · Ən çətin anlarda da uca Allah`a təvəkkül etmək

    Allah`ın“Həqiqətən də: “Rəbbimiz Allah`dır!” – deyib sonra düz yol tutan kəslərə…” (Fussilət surəsi, 30) ayəsində bildirdiyi kimi, möminlərin Allah`a olan inam və təvəkkülləri çətin anlarda belə sarsılmaz. Bu gözəl əxlaqa yiyələnən möminlər iman gətirməyən insanlar kimi tez-tez üslublarını dəyişdirmir, fikrindən tez dönərək geri addım atmır, qeyri-sabit xarakter nümayiş etdirmirlər. Çətin anlarda möminlərin Allah`a olan təvəkküllərinə ən gözəl nümunə peyğəmbərimizin (s.ə.v) dostları ilə mağaraya sığındıqları zaman: “…Qəm yemə, Allah bizimlədir!…” (Tövbə surəsi, 40) - deməsidir.

    · Bütün nemətləri hər an Allah`ın bəxş etdiyini xatırlayıb şükür etmək

    Möminlərin Quranda xəbər verilən üstün xüsusiyyətlərindən biri də daima şükür etmələridir. Möminlər həm onlara bəxş edilən imkanlar, həm də gördükləri gözəlliklər qarşısında hər an bunları yaradanın uca Allah olduğunu xatırlayır və yalnız Ona şükür edirlər. Quranda hz. Yusifin nümunəvi rəftarı buna ən gözəl misallardan biridir. Hz. Yusif başına gələn bütün hadisələri atasına nəql edərək hər şeyin uca Allah`ın təyin etdiyi qədər çərçivəsində baş verdiyini bildirir və bütün yaşadıqları üçün Allah`a şükür edir:

    …O dedi: “Atacan! Bu, çoxdankı yuxumun yozumudur. Rəbbim onu gerçəkləşdirdi. O, mənə lütf etdi. O, məni zindandan çıxartdı və şeytan mənimlə qardaşlarımın arasına ədavət saldıqdan sonra sizi səhradan (yanıma) gətirdi. Şübhəsiz ki, Rəbbim istədiyinə qarşı lütfkardır. Həqiqətən, O, biləndir, müdrikdir”. (Yusif surəsi, 100)

    · Təvazökar olmaq

    Möminə xas xüsusiyyətlərdən biri də təvazökar olmaq, sahib olduqları nemətlərə görə təkəbbür göstərməməkdir. Möminlərin bu gözəl əxlaqını Allah bir ayəsində belə bildirir:

    Bu, sizin əlinizdən çıxana kədərlənməməyiniz və sizə də verilənə sevinib qürrələnməməyiniz üçündür. Allah özünü bəyənən, (özü ilə) fəxr edən heç bir kəsi sevməz! (Hədid surəsi, 23)

    Quranda təvazökar möminlərə ən gözəl örnəklərdən biri hz. Süleymandır. Hz. Süleyman zənginliyi ilə təkəbbürlənən Qarundan tamamilə fərqli əxlaqa sahibdir. Quranın“…Mən gözəlliyi Rəbbimin zikrindən dolayı sevirəm…” (Sad surəsi, 32) ayəsində bildirildiyi kimi, hz. Süleyman zənginliyi, sahib olduğu ehtişamlı nemətləri yalnız Allah`ı xatırlamaq, Onu zikr etmək və Onun yolunda sərf etmək üçün istəmişdir.

    · Qınayanın qınamasından qorxmamaq

    …Sizdən əvvəl kitab verilənlərdən və müşriklərdən bir çox əziyyət verici sözlər eşidəcəksiniz. Əgər səbir edib Allahdan qorxsanız, bu, əzmkarlıq (tələb edən) əməllərdəndir. (Ali İmran surəsi, 186)

    Yuxarıdakı ayədə də bildirildiyi kimi, möminlər mənəvi təzyiqlərə, layiq olmadıqları rəftarlara, sərt reaksiyalara məruz qalır, ələ salınıb qınanır, əziyyət verici sözlər eşidir, hətta fiziki hücumlarla belə üzləşirlər. Lakin bütün bunların qarşısında möminlər səbirli, cəsur və iradəli əxlaq göstərirlər. Əllərini çarpaz kəsməklə hədələdiyi halda, firondan çəkinməyən sehrbazların və atəşə atılmaqdan qətiyyən qorxmayan hz. İbrahimin cəsur davranışları Quranda bütün möminlərə nümunə göstərilmişdir.

    · Etibarlı olmaları

    Möminlər Allah`ın hər an, hər yerdə onlarla birlikdə olduğunu və qiyamət günü ağızlarından çıxan bütün sözlərindən sorğu-sual olunacaqlarını bildikləri üçün yalan danışmaz (Əhzab surəsi, 70), yaxınları əleyhinə olsa belə, doğrunu deməkdən (Nisa surəsi, 135) və səhv yolda olanları ən gözəl şəkildə xəbərdar etməkdən çəkinməz, edə bilməyəcəkləri şeylər üçün söz verməzlər (Saff surəsi, 2-3). Uca Allah möminlərin bu xüsusiyyətini “O kəslər ki, Allah’a verdikləri sözü yerinə yetirir və əhdi pozmurlar” (Rəd surəsi, 20) ayəsində xəbər verir. Möminlərin Allah qorxusundan qaynaqlanan Quran hökmlərinə bağlılıqları hər sözlərini etibarlı edir.

    · İbadətlərinə məsuliyyətlə yanaşmaları

    O, göylərin, yerin və onların arasında olanların Rəbbidir! Elə isə yalnız Ona ibadət et və Ona ibadətdə səbirli ol! Heç Ona oxşarını tanıyırsanmı?! (Məryəm surəsi, 65)

    Ayədən aydın olur ki, minlərin ən nəzərə çarpan xüsusiyyətlərindən biri də ibadətlərinə çox həssas və məsuliyyətli yanaşmalarıdır. Hər an Allah rizasını güdən möminlər namaz, oruc, həcc, zəkat kimi fərz hökmləri ilə yanaşı, bütün fəaliyyətlərinin, söhbət və davranışlarının da ibadət olduğunu bilirlər. Buna görə də, əsəbləri cilovlamağın, gözəl sözlü olmağın, insanlara haqq dini təbliğ etməyin, zənnə uymamağın və höcətləşməməyin də namaz qədər fərz ibadət olduğunu bilir və hər an hər hərəkətində bu ibadətlərə məsuliyyətlə yanaşırlar.

    · Diqqətin və şüurun açıq olması

    Həyatının hər anının Allah`ın nəzarəti altında olduğunu dərk edən mömin daima açıq şüurlu və diqqətli olur. Quranda bildirilən əmr və qadağalara həssaslıqla əməl edir, günah əməllərdən uzaq olmağa çalışdığı və hər an əcir qazanmaq fürsətini güddüyü üçün, əlbəttə ki, daima şüuru açıq olur. Bunun nəticəsində cəld və düzgün qiymətləndirmə bacarığına yiyələnir, hadisələrə açıq və kəskin şüurla yanaşır və ağlını daima İslamın xeyrinə həll yolları tapmaq üçün istifadə edir.

    · Şən və gümrah olmaq

    Möminlər Allah`ın varlığına şəksiz iman gətirdikləri və hər an Onun rizasını qazanmağa çalışdıqları üçün Allah`a duyduqları dərin hörmət və sevgi səbəbi ilə hər zaman gümrah və şən əhval-ruhiyyədə olurlar. Bu xüsusiyyət möminlərin baxışlarına dərin məna, yaşlarından asılı olmayaraq, bədənlərinə daha gənc görünüş və üzlərinə nur bəxş edir. Əslində, xarici görünüşlərindəki bu gümrahlığın səbəbi “…Bilin ki, qəlblər ancaq Allahı zikr etməklə rahatlıq tapır” (Rad surəsi, 28) ayəsində də xəbər verildiyi kimi, Allah`ı zikr etməyin və Onun rizasını qazanmaq üçün şövq və həyəcanla yaşamağın ruhda yaratdığı müsbət hisslərlə bədənin uyğunlaşmasıdır.

    · Məsuliyyətli olmaq

    Möminlər uşaq kimi davranmaq, sərt olmaq, saflıq siması altında gizlənmək, özünü anlamazlığa vurmaq, boş söz və işlərlə məşğul olmaq, qısqanmaq, həsəd aparmaq kimi pis əxlaq xüsusiyyətlərdən həmişə çəkinirlər. Çünki uca Allah`ın hər mömin üçün fərz qıldığı böyük məsuliyyətin fərqindədirlər. Allah bu məsuliyyəti belə bildirir:

    Sizə nə olub ki, Allah yolunda və: “Ey Rəbbimiz! Bizi əhalisi zalım olan bu şəhərdən çıxart, bizə Öz tərəfindən bir himayəçi təyin et, bizə Öz tərəfindən bir yardımçı təyin et!”– deyən zəif kişilər, qadınlar və uşaqlar uğrunda vuruşmursunuz? (Nisa surəsi, 75)

    · Bütün müsəlmanların eyni əxlaqı nümayiş etdirməsinin səbəbi yalnız Allah rizasına uyğun davranmalarıdır

    Möminlərin içərisində Allah`a etdikləri əhdə sadiq qalan kişilər vardır. Onlardan kimisi əhdini yerinə yetirib şəhid olmuş, kimisi də gözləyir. Onlar (əhdlərini) əsla dəyişdirməyiblər. (Əhzab surəsi, 23)

    Möminlər Rəbbimizin “Salam” (əmin-amanlıq) isminin ən çox təcəlli etdiyi insanlardır. Uca Allah`ın hər an onları izlədiyini və axirətdə hər hərəkətlərindən sorğu-sual olunacaqlarını bilən möminlər Onun rizasını qazanmaq üçün Quranın müxtəlif ayələrində misallarla təsvir edilən müsəlman xarakterini mənimsəməyə can atırlar. Bir ayədə nicat tapanların xüsusiyyətləri belə bildirilir:

    İman gətirib hicrət edən və Allah yolunda öz malı və canı ilə cəhd edənlərin Allah dərgahında ən yüksək dərəcələri vardır. Məhz onlar nicat tapanlardır. (Tövbə surəsi, 20)

    O, göylərin, yerin və onların arasında olanların Rəbbidir! Elə isə yalnız Ona ibadət et və Ona ibadətdə səbirli ol! Heç Ona oxşarını tanıyırsanmı?! (Məryəm surəsi, 65)

    İzlənmə sayı: 1019