Yaşayan fosillər

  • fosil
  • Axirzaman.net


    Darvinizm.info


KÖŞƏ YAZILARI »

  • Xurafat bəlası


    Dünyada İslam adına ortaya çıxan böyük kütlə var. Qurandan xəbərsizdirlər. Özlərinin uydurduğu xurafatlardan ibarət batil dinlə yaşayırlar. Quranda olmayan bir şeyin olduğunu deyir, halalı haram edir, yeni bidətlər uydurur, sevgi və sülh dini olan İslamı nifrət və müharibə dininə çevirməyə çalışırlar. Ən təhlükəli cəhətlərindən biri də bu dinə İslam adını vermələri və İslam adı altında həyata keçirdikləri fəaliyyətlərlə İslama zərər vermələridir.

    Onların dinində hər şey qadağandır. Gülmək, xoşbəxt olmaq, təhsilli və baxımlı olmaq, Allah`ın verdiyi və halal etdiyi bütün nemətlər haramdır. Onların dinində nifrət, qəzəb və bədbəxtlik var. O din qapqaranlıqdır, çünki haqq olanı tətbiq etmirlər. Haqqın yerinə batili qoyublar. Qurana zidd olan uydurma sözləri hədis adlandıraraq Peyğəmbərimizə (s.ə.v) iftira atırlar (Peyğəmbərimizi (s.ə.v) tənzih edirik). Quranı dəyişdirməyə, yeni din meydana gətirməyə çalışırlar. Uydurduqları dini isə heç özləri də tətbiq etmirlər.

    Bu qaranlıq dinin xurafatçıları sayca az olsalar da, təsir etdikləri kütlə böyükdür. Bir çox insan İslam deyildikdə ancaq bu modeli görür. Bir çoxu da İslam adı altında bu xurafatları yerinə yetirməli olduğunu düşünür. Bu xurafatçılara Qurana toxunmaq qadağan edilib, ona görə öz dinlərini bilmirlər. Ancaq xurafatı öyrənir və din kimi tətbiq edirlər.

    Quranda Allahın halal etdiklərini haram edənlər belə tərif edilir:

    De: “Allahın Öz bəndələri üçün yaratdığı zinəti və təmiz ruziləri kim haram buyurmuşdur?” De: “Bunlar dünyada iman gətirənlər üçündür, qiyamət günündə isə yalnız möminlərə məxsusdur”. Biz ayələrimizi anlayıb-bilən bir tayfaya belə ətraflı izah edirik. (Əraf surəsi, 32)

    Müsəlman dünyanın ən xoşbəxt insanıdır. Xoşbəxt olmalıdır, çünki Allahı tanıyıb iman gətirib, Allaha təvəkkül etməyi, səbir etməyi, şükür etməyi bilən varlıqdır. Gələcəklə bağlı narahatlıq keçirmir. Başına gələn çətinliklərin xeyirlə yaradıldığını bilir, qədərində olduğunu dərk edir və ölüm onun üçün son deyil, Allaha və əbədi həyata qovuşma anıdır. Belə bir insan niyə kədərlənsin? Habelə, xoşbəxtlik uca Rəbbimizin əmridir. Kədər və bədbəxtlik ayələrdə inkar edənlərin xüsusiyyəti kimi vurğulanır.

    Xurafatçılar Allahın bu hökmünü saxta hədislərlə aradan qaldırmağa cəhd edirlər. Müsəlmanlara Allahın inkarçılara aid etdiyi kədəri yaraşdırırlar. Ruhun və bədənin ən böyük ehtiyacı olan sevinci yox etmək istəyirlər. Cənnətdə sevinc içində olan müsəlmanları bu cənnət sevincindən məhrum etmək istəyirlər. Kədərin həqiqi mənasının fərqinə varmırlar. Bir hadisəyə kədərlənmək “kaş olmasaydı” deməklə eynidir. Bu isə - insan qəbul etsə də, etməsə də - qədərə üsyandır. Kədərlənməyi halal edərək Allahın hökmünə qarşı çıxdıqlarını, Allahın yaratdığı qədərə üsyan etdiklərini dərk etmirlər.

    Allah xoşbəxtliyi, zövqü, sevinci müsəlmanlara halal edib. Rəbbimiz ayədə: “Ruhdan düşməyin və qəmgin olmayın. Halbuki, əgər möminsinizsə, siz çox yüksəkdə durursunuz!” (Ali-İmran surəsi, 139) - deyərək kədəri müsəlmanlara haram etmişdir.

    Zinətlər, gözəl ruzi, sevinc, sevgi, incəsənət, rəqs, musiqi, əyləncə, xoşbəxtlik və bütün gözəlliklər Allah tərəfindən halal edilməsinə baxmayaraq, xurafatçılar bunların hamısını qadağan ediblər. “Bu haramların mənbəyi nədir?” - deyə soruşduqda ya adət-ənənə deyir, ya da uydurma hədisləri dəlil göstərirlər. Halbuki, buna dair Qurandan heç bir dəlilləri yoxdur.

    İndi xurafatçıların məntiqini xəyalımızda canlandırıb onların istədiyi kimi dünyanın nəyə bənzədiyini təsəvvür edək. Musiqisiz, rəsmsiz, incəsənətsiz mühit necə olar? Heç bir

    gözəlliyin olmadığı, qaranlıq, tənha, səssiz, əyləncəsiz, zövqsüz dünya müsəlmanlara necə layiq görülə bilər? Üstəlik, Quranda belə hökm də yoxdur.

    Allah Quranda yerin, göylərin tədqiq olunmasını və beləliklə, Allahın yaratma sənətinin kəşf edilməsini və imanı gücləndirməyi nəsihət edirsə, elmi necə qadağan etmək olar? Yaradılış dəlillərinin kəşf edilməsinin qarşısı necə alına bilər? Cahil, musiqisiz, incəsənətsiz, elmsiz, şövqsüz həyat tərzi müsəlmanlara və İslama zərərdən başqa nə qazandırar?

    İndiyə qədər tətbiq olunan bütün yanlış hökmlər İslamın səhv tanınmasına səbəb olmuşdur. Xurafatçı təfəkkürün yayılması ilə bütün dünyaya elm, incəsənət və mədəniyyət gətirən İslam ölkələri çökmüş və qaranlıq, tənha, baxımsız, cahil, keyfiyyətsiz din anlayışı formalaşdırılmışdır. İslam ölkələrinin geridə qalmasının, keyfiyyətsiz strukturun hakim olmasının və qərb tərəfindən müsəlmanlara dəyər verilməməsinin əsas səbəbi budur.

    Əlbəttə, müasir qərb ölkələri bu yanlış anlayışa görə İslamı əslindən tamamilə fərqli tanıyır və İslam dinindən uzaq dururlar. Bunda təəccüblü bir şey yoxdur. Xurafatçıların formalaşdırdığı saxta dində qadına verilən aşağı dəyər qərblilərin İslamdan uzaq durmaları üçün kafi səbəbdir. Peyğəmbərimizin (s.ə.v) təbliğ etdiyi o gözəl din əvəzinə xurafatlar dünyaya İslam dini kimi tanıdılır. Dünya buna görə İslamdan qorxur.

    İslam adı altında tanıtdıqları bu saxta dində xurafatçılar gözəllikləri və nemətləri öz əlləri ilə məhv etdiklərinə görə Allahın yaratdığı gözəlliklərdən zövq almaq qabiliyyətini də itiriblər. İman həqiqətləri imanlı insana zövq verdiyi halda, onlar bir çiçəyin rəngindən, qoxusundan, bir meyvənin gözəlliyindən, bir dovşanın sevimliliyindən, səmanın gözəlliyindən belə zövq ala bilmirlər.

    Müsəlman təkcə görünüşü ilə də yüksək təbliğ gücünə malikdir. Görünüşü nə qədər təmiz, kübar, eleqant, müasir olsa, nə qədər nikbin, şən, səmimi davransa, İslam dinini o qədər mükəmməl təbliğ edər. Bu, təkcə təbliğ zamanına deyil, bütün həyatına hakim olmalıdır.

    İnsanlar qadınların alçaldıldığı keyfiyyətsiz həyat tərzindən deyil, keyfiyyətin hakim olduğu sülhsevər İslam anlayışından təsirlənir və belə həyat tərzi ilə yaşamaq istəyirlər. Peyğəmbərimizin (s.ə.v) dövründə Peyğəmbərimizin (s.ə.v) çox kübar, şən, müasir davranışı və görünüşü onu görənlərə çox təsir edirdi. Peyğəmbərimiz (s.ə.v) xarici qonaqlarla görüşdükdə daima dövrün ən keyfiyyətli paltarı hesab olunan Bizans cübbəsi geyinərdi. Peyğəmbərimiz (s.ə.v) hz. Dihyəni (r.ə) təbliğə göndərmişdi. Hz. Dihyə çox yaraşıqlı idi və təbliğə gedərkən daima çox bahalı paltarlar geyinirdi. Belə ki, həm görünüşü, həm də kübarlığı ilə hz. Dihyə təbliğə getdiyi bölgələrdə xalqın küçələrə tökülüb ona baxmasına səbəb olurdu.

    Göründüyü kimi, müsəlmanların gözəl geyinməsi və gözəlliklərə layiq olması Peyğəmbərimizin (s.ə.v) sünnəsində də var. Quranda da Allah: “Ey Adəm oğulları! Məscidlərə (gedərkən) gözəl geyimlərinizi geyin...” (Əraf surəsi, 31) - deyərək zinətlərin və gözəl paltarların nemət olduğunu bildirir və ibadət evləri olan məscidlərdə bərbəzəkli, gözəl olmağı əmr edir.

    Nərmin Kərimzadə

    İzlənmə sayı: 1309