Yaşayan fosillər

  • fosil
  • Axirzaman.net


    Darvinizm.info


BİTKİLƏR DÜNYASI »

  • Bitki rənglərindəki sənət


    Bitki rənglərindəki sənət Ətrafınızdakı çiçəklərin nə üçün rəngarəng olduğunu heç düşünmüsünüz? Bitkilərin yarpaqları nə üçün yaşıldır? Metrlərlə hündürlüyü olan ağacların ən ucdakı yarpaqları yaşıl rəngini necə qoruyub saxlayır? Meyvələr, tərəvəzlər, çiçəklər, eləcə də ağacların hər biri müxtəlif rəngə, qoxuya və dada sahibdir. Şübhəsiz ki, bu xüsusiyyətlər Allahın yaratma sənətinin dəlillərindəndir. Ətrafınızda gördüyünüz, bəzən isə kitablardan oxuduğunuz bitkilərin hər birində özünəməxsus rəng və naxışlar mövcuddur. Hər birinin qoxusu, çoxalma üsulları və tərkibindəki nektarın miqdarı bir-birindən fərqlənir. Məsələn, gülləri düşünək. Qırmızı, ağ, sarı, narıncı, çəhrayı, kənarları ağ-əlvan rəngli, hətta rəngləri bir-birinə keçid edən növbənöv çiçəklər mövcuddur. Əlbəttə ki, bunları görən insanın heyran qalmaması və çiçəkləri yaradan uca Allahın sonsuz qüdrətini qavramaması korluqdur. Allah Quranda gördüyü yaradılış dəlillərini təqdir edə bilməyən insanlar haqqında belə buyurur: Göylərdə və yerdə neçə-neçə dəlillər vardır ki, (insanların çoxu) onların yanından üz çevirib keçirlər. Onların çoxu ancaq şərik qoşaraq Allaha iman gətirir. (Yusif surəsi, 105-106) Bitkilərin nə üçün yaşıl rəngdə olduğunu heç düşünmüsünüz? Məlumdur ki, bitkilər aləmində üstünlük təşkil edən rəng yaşıl və onun çalarlarıdır. Bu rəngi əmələ gətirən əsas maddə isə xlorofildir. Çox əhəmiyyətli maddə olan xlorofil piqmenti bitki hüceyrəsinin sitoplazmasındakı dağınıq halda olan xloroplastlarda yerləşir. Günəş işığını asanlıqla udan bu piqmentlər yalnız yaşıl rəngi əks etdirir. Bu xüsusiyyət sayəsində də həm yarpaqlar yaşıl rəng əldə edir, həm də həyati əhəmiyyətli proses olan fotosintez həyata keçir. Bitkilər fotosintez prosesində fərqli rənglərin birləşməsindən təşkil olunmuş günəş işığından istifadə edirlər. Günəş işığındakı rənglərin əsas xüsusiyyətlərindən biri isə enerji yüklərinin fərqli olmasıdır. Spektr adlanan rəng ardıcıllığı həmin rənglərin ayrılması sayəsində əmələ gəlir. Bu ardıcıllığın bir ucunda qırmızı ilə sarı, digər ucunda isə mavi ilə bənövşəyi rəngin çalarları olur. Ən çox enerji daşıyanlar spektrin mavi ucundakı rənglərdir. Rənglər arasındakı bu enerji fərqi bitkilər üçün böyük əhəmiyyət daşıyır. Çünki fotosintez prosesini həyata keçirmək üçün çoxlu enerjiyə ehtiyacları var. Buna görə də bitkilər fotosintez zamanı günəş şüalarının əmələ gətirdiyi spektrin həm ultrabənövşəyi (mavi və bənövşəyi), həm də infraqırmızı ucundakı rəngləri (qırmızı, narıncı və sarı) udurlar. Yarpaqlar isə bu prosesləri xloroplastlardakı xlorofil piqmenti sayəsində həyata keçirirlər. Fotosintez prosesinin baş verməsi üçün xlorofilin udduğu işıq zərrəciklərinin enerji səviyyəsi lazımi qədər olmalıdır. Fotosintez prosesini qısaca izah edək. Bitki işıq zərrəciklərindən qəbul etdiyi enerji ilə su molekullarını parçalayaraq oksigen və hidrogen əldə edir. Əldə edilən hidrogen molekulu isə bitkinin yaşaması üçün karbon qazındakı karbon atomları ilə reaksiyaya girərək bitkinin şirəsinə çevrilir. Yəni bitki özü üçün qida maddəsi hazırlayır. İstifadə edilməyən oksigen isə havaya buraxılır. Atmosferdən qəbul etdiyimiz oksigenin böyük hissəsi də bu yolla əmələ gəlir. Gördüyümüz kimi, bitki yarpaqlarının yaşıl rəngdə olması estetik görünüşlə yanaşı, bitkilərin və digər canlıların yaşaması üçün böyük əhəmiyyət daşıyır. Allah bitkilərin və digər canlıların qidalanmasında xlorofil maddəsini səbəb edir. Çiçəklərin rəng və naxışları bənzərsizdir. Yer üzündəki minlərlə çiçək növünün hər biri özünəməxsus xüsusiyyətlərə sahibdir. Hazırda insanlar təbiəti təqlid edərək ətirlər, naxışlar və boyalar istehsal edirlər. Məsələn, bənövşələrin məxməri yumşaqlığı, yarpaqlarının bənövşəyi rəngi və yarpaq toxumalarının hamarlığı möhtəşəmdir. Məxmər parçalar bənövşələrin təqlid edilməsi ilə istehsal olunur, lakin yenə də həmin keyfiyyət əldə edilə bilmir. Yer üzündəki hər hansı bitkini də təhlil etsək, mükəmməl yaradılışla qarşılaşarıq. Yaratmada heç bir şəriki olmayan Allah insanlar üçün dadı, qoxusu, rəngi və naxışı fərqli olan bitkilər yaratmışdır. Biz isə Allahın yaratdığı dəlillər üzərində düşünərək şükür etməliyik. Bitkilərdəki fərqli rənglər necə əmələ gəlir? Hər bir maddənin əks etdirdiyi rəng onun sahib olduğu piqmentlərdən asılıdır. Yaşıl bitkilərdəki piqmentlər isə xlorofil molekuludur. Bitkilərdə, həmçinin, digər rəngləri də əmələ gətirən piqmentlər mövcuddur. Bunlar bitkilərdəki qeyri-adi rəng müxtəlifliyinin əmələ gəlməsinə səbəb olur. Bitkilərdə xlorofillə yanaşı, karotinoid adlı piqmentlər də var. Bu piqmentlərdən bəzisi sarı rəngdədir. Limona, günəbaxana və qarğıdalıya sarı rəngi verən də bu piqmentlərdir. Digər karotinoidlər isə daha çox qırmızı rəngə çalır. Bunlar şəkər çuğundurunda, pomidorda, güllərdə və yerkökündə olur. Karotinoidlər yaşıl yarpaqlarda da mövcuddur. Bəs nə üçün yarpaqlar qırmızı, sarı və ya narıncı deyil, yaşıl rəngdə görünür? Çünki xlorofilin yaşıl rəngi çox güclüdür. Buna görə də digər rənglərin görünməsinin qarşısını alır. Payızda isə dəyişikliklər baş verir. Bitkilər günəş işığı azaldıqda xlorofil hasil etməyi dayandırır. Buna görə də yaşıl rəng verən piqmentlərin gücü azalır və yarpaqlar solmağa başlayır. Bundan sonra karotinoidlər yarpaqları qəhvəyi, sarı və qırmızı rəngə boyayır. Həmçinin, payızda bəzi yarpaqların xarici təbəqələrində antosian adlı piqmentlər də hasil edilir. Mavi və parlaq qırmızı rəngdə olan bu piqmentlər yarpaqlarda qırmızı, eləcə də çəhrayı rəng əmələ gətirən maddələrdir. Bitkidə birdən çox piqment olduqda isə yarpaqlarda piqmentlərin əks etdirdiyi rənglərin qarışığı görünür. Dünyadakı eyni növ çiçəklər eyni cür naxışlara və rənglərə sahibdir Bitkiyə rəng verən bütün piqmentlər haqqında məlumat onun DNT-sində kodlanmışdır. Buna görə də hər bir bitki növü dünyanın harasında yetişsə də, eyni xüsusiyyətləri daşıyır. Məsələn, dünyadakı bütün portağalların rəngi, forması və qabıq quruluşu eynidir. Portağalın içindəki narıncı rəngli, ətirli və şirin su dolu torbacıqları əmələ gətirən şəffaf pərdənin rəngi də heç vaxt fərqli olmur. Dünyadakı bütün bananlar da, pomidorlar da, hətta güllər, bənövşələr və qərənfillər də eynidir. Təbii formada yetişən çiyələyin fərqli rəngdə olduğunu dünyanın heç bir yerində görə bilməzsiniz. Çünki bütün dünyadakı çiyələklərin DNT-sində bu meyvəyə məxsus olan xüsusiyyətlər qeyd olunub. Buna görə də çiyələyin rəngi, qoxusu və dadı hər zaman eyni olur. Bu, bənzərsiz bir nizamdır. Bu cür nizamın təsadüfən əmələ gəldiyini iddia etmək mümkün deyil. Bütün dünyadakı bu bənzərsiz sənəti və gözəlliyi yaradan üstün ağıl sahibi Allahdır. O, hər şeyə qadirdir. Allah “Rəd” surəsində eyni su ilə sulanan torpaqdan müxtəlif bitkilərin çıxmasına belə diqqət çəkir: Yer üzündə bir-birinə yaxın (müxtəlif iqlimli) torpaq sahələri, üzüm bağları, əkinlər, şaxəli-şaxəsiz xurma ağacları vardır. Onlar eyni su ilə suvarılır. (Lakin) Biz yeyilməsinə görə onların birini digərindən üstün edirik. Doğrudan da, bunda başa düşən adamlar üçün dəlillər vardır. (Rəd surəsi, 4) Allahın ayədə diqqət çəkdiyi kimi, eyni torpaqdan müxtəlif bitkilərin çıxmasını ətrafımızdakı meyvə və tərəvəzlər üzərində düşünək. Məsələn, qarpız, yemiş, kivi, banan, gilas, badımcan, pomidor, üzüm, şaftalı, lobya... Tünd sarı rəngli qabığını soyduqda içindən gözəl ətirli, açıq-sarı rəngli banan çıxır. Almanın qırmızı, yaşıl, sarı rəngdə olan qabığı hamar və cilalıdır. İnsanlar bu meyvənin ətirli, şirin şirəsinin dadını və qoxusunu qətiyyən təqlid edə bilmirlər. Hətta yeni bir rəng də yarada bilmirlər. İnsanların hazırladığı bütün rənglər təbiətdə olanlar əsasında əldə edilir. Lakin Allah yoxdan yaradandır. Yer üzündəki canlıların sahib olduğu bütün rəngləri də O yaradıb. Allahın yaratma sənətinin tayı-bərabəri yoxdur. Üstün güc sahibi olan Allahın isimlərindən biri Müsəvvirdir (təsvir edən, hər şeyə forma və surət verən). Allah hər şeyi ən gözəl surətdə yaratmışdır: O, Xaliq, yoxdan Yaradan, Surətverən Allahdır. Ən gözəl adlar yalnız Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Onun şəninə təriflər deyir. O, Qüdrətlidir, Müdrikdir. (Həşr surəsi, 24) Yer üzündəki bütün rəngləri yaradan Allahdır. Göy üzü, dağlar, tarlalar, kəpənəklər, qırmızı almalar, portağallar, tutuquşular, qırqovullar, üzümlər, ağaclar, qısası, ətrafınızda gördüyünüz hər şey Allah istədiyi üçün bu rənglərə sahibdir. Allah Quranda bunu belə bildirir: Məgər Allahın göydən yağmur endirdiyini və onunla müxtəlif rəngli meyvələr yetişdirdiyimizi görmürsənmi? Dağlarda da müxtəlif rəngli – ağ, qırmızı və tünd qara cığırlar əmələ gətirdik. İnsanlar, heyvanlar və mal-qara arasında da bu cür müxtəlif rəngli olanları vardır. Allahdan Öz qulları arasında ancaq alimlər qorxarlar. Həqiqətən, Allah Qüdrətlidir, Bağışlayandır. (Fatir surəsi, 27-28)

    İzlənmə sayı: 291