Yaşayan fosillər

  • fosil
  • Axirzaman.net


    Darvinizm.info


MƏNƏVİYYAT »

  • Allaha təvəkkül etmək və təslim olmaq


    Hər insanın həyatında çatışmazlıq, tərslik kimi görünən hadisələr baş verir. Bunlar insanın bütün həyatına təsir edəcək qədər böyük və ya gündəlik həyatda rast gəlinən kiçik hadisələr ola bilər. Quran əxlaqı ilə yaşamayan insanlar nəfslərinin xoşuna gəlmədiyi bu cür hadisələrlə qarşılaşdıqda sıxıntı keçirir, təşvişə düşür, gərgin olur, qorxurlar. Halbuki, bu, onların çox mühüm bir həqiqətdən xəbərsiz olduqlarına görə öz-özlərinə etdikləri zülmdür. Allahın bir ayədə bildirdiyi kimi:

    “…Allah onlara zülm etmədi, lakin onlar özləri özlərinə zülm edirdilər.” (Tövbə surəsi, 70)

    Allaha iman gətirməyən və ya iman gətirdiyi halda, Allahın bildirdiyi həqiqətləri qulaqardına vuraraq yaşayan insanların həyatı hələ dünyada ikən narahatlıq, kədər, şübhə, qorxu içində keçir.

    Ancaq həqiqəti bilənlər üçün dünya həyatında qorxuya, narahatlığa, bədbəxtliyə səbəb olan heç nə yoxdur. Çünki iman gətirənlər hər hadisəni Allahın qədərdə (tale) yaratdığını, hər şeyin Allah qatındakı “Lövhi-məhfuz” adlı kitabda yazıldığını və bütün insanların qədəri sadəcə izlədiyini bilirlər.

    Allahın yaratdığı hadisələrin özləri üçün həmişə xeyirlə nəticələnəcəyini, uca Allahın əməlisaleh qullarının qədərini ən hikmətli, ən xeyirli şəkildə yaratdığını əsla unutmazlar.

    Qədər haqqında yanlış inanclar insanları kədər və sıxıntıya sürükləyir

    İnsanların böyük əksəriyyəti qədəri bilirlər, ancaq qədər haqqında yanlış anlayışları var. Məsələn, sadəcə insanın saç rəngi, boyunun uzunluğu, ata-anasının kim olacağı kimi müəyyən şeylərin insanın qədərində olduğunu düşünür, digər məsələlərdə isə əgər çox çalışıb, səy göstərsələr, qədərlərini dəyişdirə biləcəklərini zənn edirlər. Halbuki, həqiqət budur: bir insanın hər anı, bütün həyatı, həyatı boyu başına gələn və gələcək hər hadisə, hər söhbət, hər baxış, hər səs qədərindədir. Məsələn, hal-hazırda, jurnalın bu sətirlərini oxuyan insanın qədərində bu günün bu saatında bu sətirləri oxumaq mövcuddur. Allah bu anı hələ siz yaradılmadan milyon illər əvvəl də bilir. Bəlkə bu jurnalı oxuyana qədər insanın başına bir çox hadisə gəlib. Məsələn, elə oxumağa başlayacağı an qapının zəngi çalınıb və bir dostu gəlib. Beləliklə, jurnalın oxunması üç saat sonraya qalıb. Əlinə jurnalı aldığı an qapının zənginin çalınması, qapını açdıqda dostunun gülər üzü, salam verməsi, jurnalın oxunmasının üç saat sonraya qalması siz bunları yaşamadan əvvəl Allahın hafizəsində, sizin, dostunuzun və bu jurnalın qədərində müəyyən olunmuşdur. Allah bir ayədə bu barədə belə bildirir:

    Sən nə iş görsən, Qurandan nə oxusan, nə iş görsəniz, onlara daldığınız zaman Biz sizə şahid olarıq. Yerdə və göydə zərrə qədər bir şey sənin Rəbbindən gizli qalmaz. Ondan daha böyük, daha kiçik elə bir şey də yoxdur ki, açıq-aydın kitabda olmasın! (Yunis surəsi, 61)

    İnsan zaman və məkandan asılıdır. Bizim üçün keçmiş, indi və gələcək olan Allah qatında bir andan ibarətdir. Məsələn, növbəti ad günümüz bizim üçün gələcəkdir. Əslində isə, həmin an Allah qatında olub bitib, Allah o anı bilir. Yəni bizim növbəti ad günümüzdə nə geyinəcəyimizi, kimlərlə birlikdə olacağımızı, həmin gün nə edəcəyimizi Allah hal-hazırda bilir. İki il sonra, üç il sonra, on il, qırx il sonra nə edəcəyimizi də Allah hal-hazırda ən incə təfərrüatına qədər bilir. Allah bir insanın həyatının bütün günlərini, hətta bütün dəqiqələrini, saniyələrini bir an olaraq bildiyi kimi, kainat mövcud olduğundan bəri yaşamış milyardlarla insanın və bundan sonra yaşayacaq bütün insanların həyatının hər saniyəsinə hakimdir. Allah sonsuz uzun zamanı sonsuz qısa zamanın içində – yəni bir anda yaratmışdır.

    İnsanın Allahın sonsuz elmini dərk etməsi və öz qədərini izlədiyini bilməsi isə onun üçün böyük nemət və asanlıqdır. Səmimi iman gətirən, Allaha səmimi təslim olan bir mömin yaradılmış qədərini ibrət alaraq, şövqlə, şükürlə və hər an dərin düşünərək, kreslosunda oturub bir filmə baxan insan kimi rahatlıqla, təslimiyyətlə izləyər.

    Möminlər Allahdan razıdırlar

    Allahı dost tutan, Allaha təvəkkül edən, Allahın yaratdığı hər hadisədən, hər görüntü və hər söhbətdən razı qalan insan qədərindən də razıdır. Allah insanları sınamaq üçün qədərlərində müxtəlif hadisələr və görüntülər yarada bilər. Bunlar bəzən qorxu, bəzən çətinlik, sıxıntı kimi görünə bilər. Ancaq bu hadisələrin hər biri Allah qatında ən incə təfərrüatına qədər planlanıb. Məsələn, hz. Yusif (ə.s) heç bir təqsiri olmadığı halda illərlə zindanda qalmışdır. Bu, onun qədərindədir. Ancaq hz. Yusif (ə.s) Allahın yaratdığı qədərə sevinclə təslim olduğu üçün həbs ona çətinlik və sıxıntı deyil, əksinə, bir çox nemətin qapısını açan hadisə kimi görünmüşdür. Belə bir çətinliyi asan, rahat mühitlə müqayisə edən mömin nemətlərdən daha dərin zövq alır. Hər gün bir gül bağçası görən bir insanın bu bağçadan aldığı zövq ilə illərlə beton divardan başqa heç nə görməmiş insanın gül bağçasından aldığı zövq, əlbəttə, fərqlidir. Çətinliyi, çirkinliyi bilən insan rahatlıqdan, gözəllikdən daha çox zövq alar. Qədərində hz. Yusif (ə.s) kimi haqsızlığa, çətinliyə, həbsxana mühitinə səbir etmək olan insan bunun axirətdə Allahdan savab kimi özünə qayıdacağını düşünərək qədərinə sevinər. Nəticədə, qədərində olanı yaşadığını və özü də daxil olmaqla, heç bir yaradılmış varlığın onun qədərindəki bircə saniyəni belə dəyişdirə bilməyəcəyini bilir və qədərinə təslim olaraq rahat yaşayar.

    Qədərə təslim olan mömin, əlbəttə, həmişə əlindən gələnin artığını edərək səy göstərər. Məsələn, xəstələnən insan, əlbəttə, həkimə gedər, dərmanlarını qəbul edər, xəstəliyi ilə bağlı hər şeyə diqqət edər. Ancaq bunları edərkən getdiyi həkimin, qəbul etdiyi dərmanların və müalicəsinin nəticəsini Allahın yaratdığını bilərək davranar. Odur ki, əsla ümidsizliyə qapılmaz, sıxıntı keçirməz, kədərlənməz. Allahın onun üçün ən xeyirli qədəri yaratdığını bilərək rahat yaşayar. İnsanın hər hadisədə bir xeyir olduğuna iman gətirməsi çox vacibdir.

    Möminlər şər kimi görünən hadisələrdə belə xeyir olduğuna iman gətirir və Allaha təvəkkül edirlər. Bu, ancaq möminlərə xas xüsusiyyətdir. Peyğəmbərimiz (s.ə.v) bir hədisində bu mövzuya belə diqqət çəkir:

    Möminin vəziyyəti nə qədər təəccüblüdür. Çünki hər işi onun üçün xeyirdir. Bu, sadəcə möminə xasdır, başqasına deyil. Ona razı qalacağı bir şey gəlsə, şükür edər, bu isə xeyirdir. Bir zərər gəlsə, səbir edər, bu da xeyirdir. (Muslim, Zühd 64, 2999)

    Allah bütün kainatın yeganə hakimidir, sonsuz güc sahibidir

    Allahın yeganə güc sahibi olduğunu bilən bir insan Allaha təslim olub təvəkkül edər. Çünki bir insanın başına gələn hər hadisə, qarşılaşdığı hər insan, hər söhbət, hər səs Allahın nəzarəti altındadır. Peyğəmbərimizin (s.ə.v) də bildirdiyi kimi, Allahdan gələn hər şey mömin üçün nemət və xeyirdir. Möminlərin bu həqiqəti dərk edərək Allaha təvəkkül etdiyini Allah bir ayədə belə bildirir:

    Mən, Rəbbim və Rəbbiniz olan Allaha təvəkkül etdim. Elə bir canlı yoxdur ki, (Allah) onun kəkilindən tutmuş olmasın. Həqiqətən, Rəbbim ədalətlidir. (Hud surəsi, 56)

    Allaha təvəkkül etməyərək, hər şeyi öz gücləri ilə etdiyini, hər şeyin öz nəzarətləri altında baş verdiyini zənn edənlər isə daima qorxu, kədər, narahatlıq və ümidsizlik içində olurlar. Bu, bir filmə baxan insanın sanki filmin sonunu dəyişdirə biləcəkmiş kimi həyəcanlanmasına bənzəyir. Belə bir qorxu nə qədər yersizdirsə, qədərini izləyən insanın da hadisələr qarşısında bu cür hisslərə qapılması o qədər yersizdir. Məsələn, təqsirsiz insana böhtan atanlar Allahın nəzarəti altında olan varlıqlardır. Allah insanı sınamaq üçün bu hadisələri yaradır. Bunlara səbir etsə, Allahın rizasını, cənnətini və rəhmətini qazanmağa ümid bəsləyən mömin üçün kədərlənəcək heç bir səbəb olmaz. Bundan əlavə, Allah möminlərə həmişə yardım edir və onlara işlərində asanlıq yaradır. Bu, Allahın qəti vədidir. Allah bir ayəsində haqsızlığa məruz qalanlar haqqında belə buyurur:

    Bax belə! Hər kim özünə verilən cəza kimi cəza versə, sonra yenə də haqsızlığa məruz qalsa, (bilsin ki,) Allah ona mütləq kömək edəcəkdir. Həqiqətən, Allah əfv edəndir, bağışlayandır! (Həcc surəsi, 60)

    Müsəlmanlar üçün təvəkkül və təslimiyyət yeganə yoldur

    Allahın gücünü, yardımını və dostluğunu bilən möminlər üçün təvəkkül və təslimiyyət yeganə yoldur. Təvəkkül və təslimiyyət ən gözəl, ən asan yoldur. Əks təqdirdə, insan qaldıra bilməyəcəyi yükün altına girər.

    Burada izah edilənlər insanların özlərinə və ya bir-birlərinə təsəlli vermələri, çətinliklər zamanı düşünərək özlərinə təlqin etmələri üçün verilən məlumatlar deyil. Bunlar Allahın yaratmasının və dünya həyatının gerçək üzüdür. Əksinə, inanan və əksini edən özünü aldadıb yanılır. Odur ki, din əxlaqından uzaq yaşayan bir insan ən varlı, ən rahat günlərində belə təvəkkülsüzlüyün sıxıntısını çəkərkən həqiqətlərə iman gətirən bir mömin hansı şəraitdə olsa da, din əxlaqının insanlara verdiyi asanlığı, sevinci, rahatlığı yaşayar.

    Allah Quranda möminlər haqqında belə bildirir:

    Şübhəsiz ki, Allahın dostlarının heç bir qorxusu yoxdur və onlar kədərlənməyəcəklər. Onlar iman gətirmiş və (Allahdan) qorxmuşlar. Dünya həyatında da, axirətdə də onlara müjdə vardır. Allahın kəlmələri əsla dəyişilməz. Bu, böyük uğurdur. (Yunis surəsi, 62-64)

    Təvəkkülsüz insanın şübhələri, narahatçılığı, qorxuları bitməz. Hər şey bu insan üçün təhlükə daşıyır. Hər yerdən, hər insandan özünə zərər gələcəyinə inanır. Şübhəçi, narahat yaşayır. Allaha güvənmədiyi üçün sıxıntıları ilə qovurulur. İmanlı insan isə Allaha güvəndiyi, Onu dost bildiyi üçün təvəkkülün rahatlığı ilə çox şən, sağlam əhval-ruhiyyə ilə yaşayır. Belə bir insanı sarsıdacaq, kədərləndirəcək heç nə yoxdur. Çünki hər şeyi Rəbbimizin yaratdığını bilir. Rəbbimizin sonsuz gücünə güvənir. Bu sonsuz gücün dəstəyi ilə hərəkət etdiyini bilərək rahat yaşayır. Allah istəmədikcə heç kəsin ən adi bir şey edə bilməyəcəyini dərk edərək, hər an qədərinə təslim olur.

    İzlənmə sayı: 1632